Məişət zorakılığı ilə bağlı qanun və yeniliklər

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən “Məişət zorakılığının qarşısının alınması haqqında”  qanuna dəyişiklik edilib. 

Dəyişikliyin ilk hissəsində “ərin və arvadın yaxın qohumları” ifadəsi əlavə olunub. Bu da yalnız ailə üzvləri yox, qayın, qayınata kimi şəxslərin zorakılıq törətməsi halında bunun məişət zorakılığı hesab olunması və şəxsin qorunmasına səbəb olacaqdır.  Həmçinin, bu qərarla, birgə yaşamayan qohumlar da qanunun təsir dairəsinə düşəcək. 

Qərara alınıb ki, məişət zorakılığı halında tərəflərin barışdırılması daha sonra zorakılığa hətta qətlə gətirib çıxara bilər. Bu səbəbdən “ailədə münasibətlərin bərpa olunmasına” sözləri qanundan çıxarılmışdır, ailədə “münasibətlərin normallaşdırılması” ifadəsi ilə əvəzlənmişdir. Lakin bu dəyişiklik qanunun işləkliyi barəsində sual doğurur.

 Qısamüddətli mühafizə orderinin müddəti 30 gündən 60 günə uzadıldı. Lakin praktika göstərir ki, mühafizə orderinin daha da uzunmüddətli olmasına ehtiyac var.

Yardım mərkəzləri dəqiqləşdirilib və zərərçəkmişlərin sığınacaqla təmin edilməsi əlavə edilib. Nazirlər Kabinetinin qərarında bu funksiya nəzərdə tutulub və praktikada da var. Sadəcə texniki boşluq aradan qaldırılıb.

 Zərərçəkmişə yardım mərkəzində sığınacaq verilməsi nəzrədə tutulmuşdu, lakin  indi “müvəqqəti” sığınacaq verilməsi  şəklində dəyişdirilib. Müvəqqəti dövrün nə qədər olması qeyd edilməyib, bu hal zərərçəkmiş şəxsə təhlükə olduğu halda sığınacaqdan istifadə edə bilməməklə nəticələnə bilər. Cinayət işlərində zorakılıq törədən şəxslərə pulsuz vəkil təqdim edilirdi. Hazırda zərərçəkmiş şəxslərə də təqdim edilməsi nəzərdə tutulub. Hüquqi yardım yalnız cinayət işlərinə aid edilir, inzibati işlər kənarda qalır. 

Qanunda edilən dəyişikliyə qədər qanunvericilikdə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin əlaqələndirilməsi mexanizmi nəzərdə tutulmamışdı. Qanuna edilən dəyişikliyə görə monitorinq və əlaqələndirmə qruplarının yaradılması məqsəd qoyulmuşdu. Bu qruplar yaradılmışdı, hazırda qanunla rəsmiləşdi. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarına qanunun işləkliyinə nəzarət səlahiyyəti verilmişdir.

Uşaqlarla bağlı hissələrdə dəyişiklik olunub. Ailədə zorakılığa məruz qalan uşaq himayədar ailədən və ya valideynlərindən alınacaq. Bu Ailə Məcəlləsində də əksini tapıb və qanundakı dəyişikliyə əlavə olunub. Məişət zorakılığını təcrübə etmiş uşaqlar cinsi zorakılığı təcrübə etmiş uşaqlar kimi  məhkəmə prosesində dövlət tərəfindən vəkillə təmin olunacaq. 

Ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi” bəndi əlavə olunub. Lakin b u bənd təhsil sahəsindəki müvafiq qanunvericiliklə də tənzimlənsə, daha yaxşı olar. 

AZE