Ginekologiyada Gender Qərəzi: Qadın Sağlamlığı Niyə Arxa Planda Qalır?

Tel-Əviv Universitetinin araşdırmasına görə, ginekologiya sahəsində kişilərin üstünlük təşkil etməsi bu sahədəki tədqiqatların əsasən doğuş və reproduksiya üzərində qurulmasına səbəb olub. Bu isə o deməkdir ki, qadınların ümumi sağlamlığı və rifahı çox vaxt arxa planda qalır.

Tədqiqat zamanı ginekologiya və mamalıq sahəsindəki elmi jurnallar müqayisə olunub və məlum olub ki, onların əksəriyyəti reproduktiv mövzularda – hamiləlik, döl və doğuşla bağlı məqalələrə yer verir. Qadınların həyat keyfiyyəti üçün vacib olan, lakin az araşdırılan bir çox məsələyə isə həm elmi işlərdə, həm də kliniki təcrübədə yetərincə diqqət ayrılmır.

Bu nəticələr “Nature Reviews Urology” jurnalında dərc olunmuş bir şərh məqaləsində əks olunub. Həmin məqalədə diqqət çəkilən məsələlər arasında aşağıdakılar da var:

  • qadınların çanaq və cinsiyyət orqanlarındakı əzələ və sinir problemləri,
  • qadının cinsi həzz alması,
  • doğuş zamanı hüquq və muxtariyyət,
  • menstruasiya dövrünün immun sisteminə təsiri,
  • menopauza və sonrakı həyat mərhələləri və s.

Araşdırmanı Tel-Əviv Universitetinin Sosiologiya və Antropologiya Departamenti və Koller İdarəetmə Məktəbinin doktorantı Netta Avnun aparıb.

Avnun bildirir ki, kişilər artıq min ilə yaxındır ki, ginekologiyada əsas söz sahibidir və bu, həm tədqiqatların planlaşdırılmasına, həm də tibbi təcrübəyə təsir göstərir. Onun fikrincə, niyyətləri yaxşı olsa belə, kişilər qadın bədənini əsasən ya uşaq dünyaya gətirmək, ya da kişi istəklərini təmin etmək vasitəsi kimi görməyə meyillidirlər. Bu isə onların yanaşmalarına təsir edir. Avnun deyir: “Bu sahədə artıq qadınların rəhbərlik etməsinin vaxtı çatıb.”

O, əlavə edir ki, heç bir ictimai sahə – o cümlədən elm və tibb – tamamilə neytral deyil. Araşdırmaları aparan şəxslərin sosial mövqeyi və dünyagörüşü onların elmi yanaşmasına təsir göstərir. Tarixi və feminist tədqiqatlar sübut edir ki, ginekologiya sahəsi yüz illər əvvəl kişi baxış bucağı ilə formalaşıb və bu gün də patriarxal dəyərləri daşımaqda davam edir.

Əvvəllər qadınlar bu sahədə aktiv olsalar da, orta əsrlərdən başlayaraq onların rolu azalıb və kişilər onların yerini tutub. XVI əsrdən etibarən isə bu sahəyə tamamilə kişilər nəzarət edib – tədqiqat mövzularını, müalicə protokollarını və texnologiyaları onlar müəyyənləşdiriblər. Bəzən bu, qadınlara qarşı zərərli və sınaq xarakterli tibbi müdaxilələrlə nəticələnib.

Tədqiqatda Dr. Avnun, bu vəziyyəti daha yaxşı anlamaq üçün beynəlxalq elmi jurnalları təhlil edib. O, “Journal of Citation Reports” bazasında ginekologiya və doğum sahəsinə aid olan 83 jurnalı analiz edib və bu nəticələr ortaya çıxıb:

  • 49% yalnız hamiləlik, doğuş və döl mövzularına həsr olunub,
  • 24% həm ginekologiya, həm də doğuşla bağlıdır,
  • yalnız 12% qadın orqanizminin reproduksiya ilə əlaqəsi olmayan problemlərini araşdırır,
  • 6% süd vəziləri,
  • 5% ginekoloji xərçənglər,
  • cəmi 4% (yalnız 3 jurnal) menopauza və doğuş sonrası qadın sağlamlığı ilə bağlıdır.

Dr. Avnun bu sahədəki gender qərəzinin nümunəsi kimi “transvaginal tor” qalmaqalını qeyd edir. Bu tibbi cihaz 1950-ci illərdən bəri qadınlarda çanaq orqanlarının sallanmasını aradan qaldırmaq üçün istifadə olunub. Lakin 2019-cu ildə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) bu proseduru ciddi fəsadlara və 77 ölüm hadisəsinə görə qadağan etdi. Bu vəziyyət həm tədqiqatların, həm də klinik praktikanın nə qədər qərəzli və gecikmiş olduğunu göstərdi.

Təklif etdiyi əsas dəyişikliklər bunlardır:

  • Mamaçılıq və doğuş sahəsi ginekologiyadan ayrı bir sahə kimi inkişaf etdirilməlidir.
  • Ananın sağlamlığı dölün qayğısı naminə təhlükəyə atılmamalıdır.
  • Ginekologiya təhsilinə gender və feminist yanaşmalar daxil edilməli,
  • Tibbi protokollar qadınların öz ehtiyaclarına uyğunlaşdırılmalı,
  • Hüquqi sistemlər qadınların tibbi xidmətlərə və sağlamlığa olan hüquqlarını qorumağa fokuslanmalıdır.

Dr. Avnun yekunda belə deyir:
“Artıq qadın mərkəzli ginekologiyanın vaxtı çatıb. Qadınların səsləri eşidilməlidir.”

O vurğulayır ki, bu gün həkimlərin əksəriyyəti qadın olsa da, onların aldığı təhsil hələ də kişi yönümlü və patriarxal sistemə əsaslanır. Əsl dəyişiklik üçün həkimlər qadınların hüquqlarına və ehtiyaclarına hörmətlə yanaşmağı öyrənməli, eləcə də tədqiqatlarda və klinik praktikada qadınların təcrübəsini və səslərini əsas götürməlidirlər.

mənbə: winstein.org

ENG